Xalqımızın yaddaşından heç vaxt silinməyən erməni vandalizmi nəticəsində törədilmiş Xocalı soyqırımından 28 il ötür. Hər il yüzlərlə insan bəşəriyyəti dəhşətə gətirən bu faciə qurbanlarının xatirəsini yad etmək üçün Ana Fəryadı abidəsini ziyarət edir. Bu dəhşətli soqırımında həyatını itirmiş günahsız insanları yad edir. Avrora Qrup-un rəhbərliyi və kollektivi Xocalı faciəsində həyatını itirənlərin xatirəsinə ucaldılmış Ana Fəryadı abidəsini ziyarət edərək onları yad etmiş və gül dəstələri düzüblər.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndindəki 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücum ediblər. Hücumdan əvvəl, fevralın 25-i axşam saatlarından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulub. Belə bir vəziyyətdə, erməni mühasirəsində qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olub. Ancaq bu niyyət baş tutmayıb. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutublar. Qırğınlar nəticəsində 613 nəfər həlak olub, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb.